30 aprel 2024, 15:30

Nazim Kərimovdan, Gəncə, Azərbaycan

Möhtərəm İlham Əliyev.

Bu il aprelin 9-da Gəncə şəhərinə 21-ci səfəriniz bütün sakinlər kimi məni də çox sevindirdi. Qərb bölgəsində ilk dəfə Gəncə şəhərində salınan Ekoloji Park Kompleksinin tikintisi və onun ətrafında abadlıq işlərinin görülməsi biz gəncəliləri çox məmnun edir. Unikallığı ilə seçiləcək kompleksdə insanların rahatlığı və asudə vaxtlarını daha səmərəli keçirmələri üçün bütün lazımi şərait yaradılır. Burada bütün fəsillərdə müxtəlif növ nadir gül-çiçək, kol bitkiləri, eləcə də ağac tingləri yetişdiriləcək. Ekoloji Park Kompleksinin ərazisində əyləncə mərkəzlərinin, idman qurğularının, iaşə obyektlərinin yaradılması da planlaşdırılıb. Buraya gələn ziyarətçilər, həmçinin müxtəlif növ gül-çiçək, kol bitkiləri, eləcə də ağac tinglərinin yetişdirilməsi işləri ilə tanış ola biləcəklər. Kompleksin ərazisində yeni yollar çəkilib, avtomobil dayanacağı salınıb, müasir işıqlandırma sistemi quraşdırılıb, yağış və damcı suvarma sistemləri ilə təchiz olunmuş istixanalar tikilib. Hazırda kompleksdə son tamamlama işləri həyata keçirilir.

Bundan başqa, Gəncə İdman Sarayının açılışının edilməsi, Gəncə şəhər stadionunun təməlinin qoyulması gəncəlilər tərəfindən rəğbətlə qarşılandı. Qeyd edək ki, uzun illərdir ölkəmizdə Olimpiya və idman hərəkatı geniş vüsət alıb. Ötən illərdə Azərbaycanda onlarla Olimpiya idman kompleksi və digər idman qurğuları tikilib. Bu isə ölkəmizdə idmana marağı artırıb, gənclərin asudə vaxtlarını daha səmərəli keçirmələri üçün geniş imkanlar yaradıb. Gəncədə istifadəyə verilən idman sarayı da bu qəbildən layihələr arasında xüsusi yer tutur. Burada ağır atletika, güləş, cüdo və boks zalları, müxtəlif təyinatlı otaqlar fəaliyyət göstərəcək və idmanın ayrı-ayrı sahələri tədris ediləcək. Belə nəhəng idman qurğularının yaradılması Azərbaycanın idman ölkəsi kimi nüfuzunu yüksəltməklə yanaşı, regionlarda yaşayan gənclərin idmana həvəsinin artırılması, onların potensialının üzə çıxarılması və ümumilikdə idmanın kütləviliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı kimi, Gəncəyə göstərdiyiniz diqqət və qayğıya görə Sizə öz təşəkkürümü bildirirəm.

Hörmətlə,

Kərimov Nazim Əzim oğlu

Azərbaycan Respublikası, Gəncə şəhəri.