25 aprel 2024, 17:20

Ülvi Fərzəliyevdən, Neftçala, Azərbaycan

Möhtərəm Prezident.

Sizin rəhbərliyinizlə ötən 20 il ərzində ölkəmizdə siyasi sabitlik hökm sürüb, iqtisadi tərəqqiyə və cəmiyyətin bütün sahələrində titanik inkişafa nail olunub. Əldə olunan nailiyyətlərimizin, hərbi və diplomatik üstünlüklərimizin məntiqi yekunu isə ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasıdır. Siz xalqımızın qürurunu, tarixi ədaləti bərpa etməklə yanaşı, həm də bütün dünyaya, düşmənə və onun havadarlarına separatizmə qarşı bənzəri olmayan nümunə təqdim etmisiniz.

2020-ci ildən başlayan zəfər dinamikasının bu gün də yüksələn xətlə davam etməsi məhz Sizin məqsədyönlü fəaliyyətinizin nəticəsidir. Bir neçə gün əvvəl Qazaxın 4 kəndini bir güllə belə atılmadan geri qaytarılmasına razılığın əldə edilməsi, ilk sərhəd dirəklərinin quraşdırılması prezident seçkilərindən sonra qarşıya qoyulan yeni hədəflərin reallaşması istiqamətində mühüm addımlardır. Sərhədlərimizin delimitasiyası xalqımıza əbədi sülh və əmin-amanlıq içərisində təhlükəsiz gələcək və sürətli inkişaf bəxş edəcək.

Cənab Prezident, Azərbaycanın dünyaya təqdim etdiyi uğurlu inkişaf modeli və qazandığı bütün nailiyyətlər birbaşa Sizin adınızla bağlıdır. Qədirbilən xalqımız, eləcə də bütün neftçalalılar, siyasi həmfikirlər qərarlarınızı ürəkdən dəstəkləyirlər.

Yaşasın Azərbaycan. Yaşasın Müzəffər Ali Baş Komandan.

Hörmətlə,

Fərzəliyev Ülvi.

Azərbaycan Respublikası, Neftçala şəhəri.