Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

22 noyabr 2014, 17:30

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”ni Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinəuyğunlaşdırmaq məqsədi ilə qərara alır:

Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 14; 2001, № 11, maddə 669; 2002, № 5, maddə 237; 2006, № 6, maddə 478; 2007, № 8, maddə 756, № 11, maddə 1075; 2008, № 8, maddə 701, № 10, maddə 886; 2009, № 4, maddə 211, № 7, maddə 519; 2010, № 3, maddə 171; 2013, № 3, maddə 230, № 5, maddə 471, № 11, maddələr 1297,1310) ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 18-ci maddə üzrə:

1.1. birinci hissədə “pasportunun surətini” sözləri “pasportunun (digər sərhədkeçmə sənədinin) surətini müvafiq icra hakimiyyəti orqanının internet informasiya ehtiyatı,” sözləri ilə əvəz edilsin və həmin hissəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Əcnəbilər də olduğu yer üzrə qeydiyyata alınmaları üçün bu qaydada müraciət edə bilərlər.”;

1.2. üçüncü hissədə “əcnəbini” sözü “əcnəbi barədə məlumatları Vahid Miqrasiya Məlumat Sisteminə daxil etməklə, onu” sözləri ilə, “qəbul edən tərəfə” sözləri “müraciət edən şəxsə” sözləri ilə əvəz edilsin;

1.3. aşağıdakı məzmunda səkkizinci hissə əlavə edilsin:

“BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərin himayə müddətinə olduğu yer üzrə qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən Nümayəndəliyin məlumatları əsasında aparılır.”.

2. 23-1-ci maddənin ikinci hissəsi üzrə:

2.1. “b” bəndinə “ərizəsi” sözündən sonra “(əcnəbinin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla)” sözləri əlavə edilsin;

2.2. “b” bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda “c” bəndi əlavə edilsin:

“c) əcnəbiyə yaşayış sahəsi verən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti (əcnəbinin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla).”.

3. 23-2-ci maddənin birinci abzasında “və “b” sözləri “, “b” və “c” sözləri ilə əvəz edilsin.


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 oktyabr 2014-cü il.